İngiltərənin “Aston Villa” klubu tanınmış futbol eksperti Ceymi Karragerə qarşı hüquqi addım atacağını açıqlayıb. Matc.az xəbər verir ki, buna sabiq “Liverpul” futbolçusunun klub və onun azarkeşləri barədə səsləndirdiyi fikirlər səbəb olub.
Belə ki, Karrager “Stick to Football” podkastında “Aston Villa”nın baş məşqçisi Unay Emerinin “Mançester Yunayted”ə keçidi ilə bağlı danışarkən Birmingem təmsilçisinin heç vaxt “Mançester Yunayted” səviyyəsinə çata bilməyəcəyini bildirib. O, narazılıqlarını bildirən “Aston Villa” azarkeşlərinə qarşı da sərt ifadələr işlədib.
Bu açıqlamalar klub rəhbərliyinin narazılığına səbəb olub. “Aston Villa”nın prezidenti və həmsahibi Nassef Saviris yaydığı bəyanatda Karragerin klub və azarkeşləri təhqir etdiyini vurğulayaraq ona qarşı hüquqi proses başladılacağını bildirib.
Karrager isə açıqlamalarının zarafat xarakteri daşıdığını deyib. O, daha əvvəl də Unay Emeri və “Aston Villa” haqqında müsbət fikirlər səsləndirdiyini xatırladıb.
Qeyd edək ki, Ceymi Karrager hazırda “Sky Sports” telekanalında futbol eksperti kimi fəaliyyət göstərir.













