PRO kateqoriyalı futbol mütəxəssisi Mahmud Qurbanovun matc.az saytına müsahibəsi

- Cari mövsüm yarılanmaq üzrədi. Premyer Liqada geridə qalan 17 turdan sonra komandalarla bağlı hansı fikirdəsiniz? Bu mövsüm rəqabətin artması fikri ilə razısınız?

- Cari mövsüm maraqlı keçir. Yaxşı oyunlar izləyirik, sürpriz nəticələr qeydə alınır. Çempionatda rəqabət çox yüksəkdir. Turnir cədvəlinə baxanda da bunun şahidi olursan. Heç kim uduzmaq, digərlərindən geri qalmaq istəmir. Sağlam rəqabət mövcuddu, bu da müsbət haldı. Nə qədər belə olsa, çempionatımız nə qədər maraqlı və rəqabətli keçsə, bir o qədər futbolumuzun xeyrinə olacaq.

- “Qarabağ” mövsümün əvvəlində xal itkiləri ilə üzləşsə də, sonra qələbələri sıralamağa başladı. Hazırda 1-ci pillədə olan Ağdam klubu ən yaxın izləyicisi “Zirə”ni 9 xal qabaqlayır. “Qarabağ”ı heç kimin büdrədə bilməyəcəyini indidən demək olarmı?

- “Qarabağ”ın mövsümün əvvəlində xal itkiləri oldu. Bəlkə də, bunu heç kim gözləmirdi. Amma bir neçə tur keçəndən sonra “Qarabağ” özünə gəldi və hazırda turnir cədvəlində vahid liderdi. Yaxşı formadadılar, yaxşı oyun nümayiş etdirirlər. Turnir cədvəlinə başçılıq etməkləri də buna sübutdu. Bu gün “Qarabağ”la rəqabət apara biləcək komandamız yoxdu. Görünən odu ki, bu mövsüm də heç kim “Qarabağ”la çempionluq mübarizəsi apara bilməyəcək. Qış fasiləsində o biri klubların güclənib-güclənməyəcəyini bilmirəm. Lakin bugünkü gündə çempionatımızda “Qarabağ”a rəqib görünmür.

- “Zirə”nin cari mövsümdəki çıxışı haqda fikirləriniz necədi? Sizcə, Rəşad Sadıqovun komandası turnir cədvəlindəki hazırkı mövqeyini sonadək qoruya biləcək?

- “Zirə” çempionata çox yaxşı başlamışdı. Hətta bir neçə tur turnir cədvəlinin lideri oldular. İndiki vəziyyət - turnir cədvəlində ikinci pillədə qərarlaşmaq da “Zirə” üçün yaxşıdı. Mövsümün sonunadək hazırkı mövqeyini qoruya bilsə, bu, “Zirə” üçün uğurlu nəticə sayılar.

- Cari mövsümün sürpriz komandalarından biri, bəlkə də, birincisi “Araz-Naxçıvan”dı. Uzun müddətdən sonra Premyer Liqaya qayıdan Naxçıvan klubu nəticələri ilə hamını təəccübləndirməkdədi…

- “Araz-Naxçıvan”ın uğurlu çıxış etməsi, həqiqətən də, gözlənilməz idi. Cari mövsümün ən sürpriz komandasıdı. Neçə ildən sonra Premyer Liqaya qayıtdılar. Premyer Liqada debütant olsa da, göstərdiyi oyuna, qazandığı nəticələrə görə bu komandaya debütant demək də olmur. Çempionatın ilk yarısını yaxşı keçirdilər. Turnir cədvəlindəki yerləri də yaxşıdı. Mövsümün sonuna kimi belə davam etsələr, avrokuboklara vəsiqə uğrunda mübarizə apara bilərlər.

- Sabiq klubunuz “Neftçi” cari mövsümə iddialı başlamışdı. Yayda Adrian Mutu baş məşqçi təyin edildi, yeni oyunçular alındı. Amma “Neftçi” hazırda turnir cədvəlində 5-cidir. “Flaqman” niyə əvvəlki əzəmətini qaytara bilmir?

- “Neftçi” ona bəslənən ümidləri doğrultmur. Hazırda turnir cədvəlində 5-ci yerdə qərarlaşıb ki, bu, “Neftçi”yə layiq yer deyil. Düzdü, yaxşı oyunları da olub, amma gözlənilməyən nəticələri də qeydə alınıb. “Neftçi”də indi hamı yenidi. Baş məşqçidən tutmuş rəhbərliyə qədər hər kəs bu mövsüm gəlib. Oyunçuların çoxu, xüsusən də, legionerlər təzədilər. Düzdü, bu, bəhanə olmamalıdı. Qışda da transferlərin olub-olmayacağını bilmirəm. Düşünürəm ki, mövsümün sonuna kimi “Neftçi” öz yerini tuta, daha yaxşı yerlərdə ola, oyun keyfiyyətini artıra bilər. Ola bilər, futbolçular adaptasiya problemi yaşayırlar. İstərdim ki, “Neftçi” daha əzəmətli, güclü olsun, nəticələri yaxşılaşsın.

- Ötən mövsümün gümüş mükafatçısı “Sabah” cari mövsümdə özünə bənzəmir və hazırda 7-ci yerdədi. Bu komandanın uğursuz çıxışının səbəbini nədə görürsünüz?

- Bu il “Sabah”dan da gözləntilər böyük idi. Mövsümün ilk yarısında yaxşı çıxış etmədilər və hər kəsi təəccübləndirdilər. “Sabah”ın öz oyun dəst-xətti olsa da, stabil çıxış etmir. Cari mövsümdəki nəticələri yaxşı deyil. Yayda Mikels və Kaşuk kimi aparıcı futbolçuları getdi. Düşünürəm ki, bu, “Sabah”ın oyununa, nəticələrinə təsir etdi. Yayda edilən transferlər də hələ tam uyğunlaşmayıblar. Adaptasiya prosesləri gec gedir. Amma vəziyyəti düzəldə, qələbələri sıralaya bilərlər. Bunun üçün stabil oynamaq lazımdı. “Neftçi” kimi, “Sabah” üçün də hələ heç nə bitməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest