Bu gün Misli Premyer Liqasında III dövrənin son turu start götürəcək. Matc.az xəbər verir ki, XXVII turun ilk günündə bir oyun keçiriləcək.
Avrokuboklara iddia edən “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək. Həm turnir cədvəlinə, həm də statistikaya nəzər yetirsək, naxçıvanlıları favorit saymaq olar. Çünki komanda “Şamaxı” ilə keçirdiyi evdə keçirdiyi matçlarda quru hesabla qələbə qazanmağı bacarıb.
Texniki nəticəni nəzərə almasaq, son 4 matçda “Şamaxı” qələbə qazana bilməyib. Komandalar indiyə qədər ümumilikdə 6 dəfə üz-üzə gəliblər ki, bunun ikisi cari mövsümə, digərləri isə 2000-2001-ci illərə təsadüf edib. “Şamaxı” baş tutan matçlarda yeganə qalibiyyətini ilk dueldə - 2000-ci ildə qazanıb. Həmin vaxt bu komanda “Xəzər Universiteti” adını daşıyırdı. Simvolik görünsə də, “Şamaxı” XXI əsrdə Naxçıvan komandasını məğlub edə bilməyib. Komanda bu gün 25 illik həsrətə son qoya bilər.
Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Şamaxı” oyunu saat 19:00-da başlayacaq.