"Qrupdakı rəqiblərimizi analiz etmişik. Birinci oyundan çox şey asılıdır. Bəhreynlə matçda sərfəli nəticə qazana bilsək, qrupdan lider kimi çıxa bilərik".
Matc.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev Bakıda ilk dəfə keçiriləcək dünya çempionatına hazırlıqlardan danışarkən deyib.
O, əsas hədəflərindən söz açıb: "Çox xoşbəxtik ki, belə bir mötəbər yarış Bakıda keçiriləcək. Komandamızın hazırlığı yüksək səviyyədə davam edir. Hər şey qaydasındadır. Hədəfimiz qrupdan çıxmaqdır. Bundan sonra digər hədəflər barədə danışmaq olar ki, nə qədər irəliləyə bilərik".
Quliyev komandanın heyətində olan dəyişiklikləri də qeyd edib: "Taktiki və texniki tərəfdən daha yaxşı komanda hazırlamışıq. İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik. Çox istərdik ki, azarkeşlər bizə dəstək olsunlar və bu gözəl oyunlarımıza zövqlə tamaşa etsinlər".
Qeyd edək ki, mayın 21-də start götürəcək dünya çempionatında 32 ölkə mübarizə aparacaq. Azərbaycan millisi A qrupunda ilk görüşünü mayın 21-də Bəhreynə qarşı keçirəcək. Oyun saat 20:30-da başlayacaq. İki gün sonra Sloveniya ilə üz-üzə gələcək milli saat 20:45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fiti saat 19:30-da çalınacaq. Mundiala iyunun 1-də yekun vurulacaq.
Bütün oyunlar Milli Gimnastika Arenasında keçiriləcək.