"Neftçi" və Azərbaycan millisinin sabiq üzvü Ruslan Qurbanov bu komandaların son vaxtlardakı çıxışını dəyərləndirib.

Matc.az xəbər verir ki, "Hypers Guba"nın hücumçusu müsahibəsində üzləşdiyi problem haqda da danışıb:

- Son matçlarda "Hypers Guba"ya kömək etmirsən. Niyə səni meydanlarda görmürük?
- Azərbaycan pasportumun müddəti mayın 3-də bitib. Ona görə matçlarda meydana çıxa bilmədim. 

- Belə bir problemin olacağını öncədən bilirdin?
- Bəli, bilirdim. Amma açığı fikirləşdim ki, birtəhər həll edə bilərik. Təəssüf ki, alınmadı.

- Bəs, sənəd problemini necə yoluna qoymağı planlaşdırırsan? Komandada qalası olsan, yeni sezonda legioner kimi oynamaq ehtimalın var?
- "Hypers Guba" 1-ci Liqada çıxış edəcəksə, Rusiya pasportu ilə legioner kimi çıxış edə bilərəm. Əgər komanda 1-ci Liqaya çıxa bilməsə, yəqin ki, alınmayacaq.

- Azərbaycan 2-ci Liqasını necə dəyərləndirirsən? "Şəfa" və "Şahdağ Qurar"a qarşı oynamaq çox çətin idi?
- "Şahdağ Qusar" və "Şəfa"da yaxşı futbolçular toplaşıb. İndi 2-ci Liqanın səviyyəsi zəifdir. İnşallah, gələn il möhkəmlənmələr olacaq. Çünki limit götürülüb. Ümidvaram, rəqabət daha da güclü olacaq.

- Bəs, Azərbaycan futbolunda hansısa proqress, dirçəliş, dəyişiklik görürsən? Sənin diqqətini çəkən nəsə var, yoxsa dəyişən heç bir şey yoxdur?
- Təbii ki, dəyişikliklər var. Amma bu yetərli deyil. "Qarabağ"dan başqa digər klubların da avrokuboklarda oynamasını və bütün Azərbaycan xalqını sevindirməsini istəyirəm. Ümid edirəm ki, "Neftçi" gələn il bizi sevindirəcək. Buna görə də bütün klublara uğurlar arzulayıram.

- Azərbaycan millisi Fransa, İslandiya və Ukrayna ilə eyni qrupda mübarizə aparacaq. Səncə, yığma uğurlu nəticə qazana bilər?
- Təəssüf ki, milli komanda zəif çıxış edir. Bu qədər azad agent statusunda olan yerli azərbaycanlılar olduğu halda, əcnəbiləri milliyə dəvət etmək mənasızdır. Hər halda, buna AFFA qərar verir. Santuşun gəlişi ilə nəticələr pisləşdi, mən də bunu görürəm. Hər halda millimizə və Fernandu Santuşa uğurlar arzulayıram.

- Uzun illər "Neftçi"də oynamısan. Komanda bu mövsüm liqada uğursuz çıxış etdi. Yeni mövsümdən "Neftçi"də nəsə dəyişə bilər?
- "Neftçi"də hər şey var, "flaqman"dır, Azərbaycanın ən zəngin klubudur. Ümid edirəm ki, gələn il onlar ən yaxşı oyunlarını göstərib, avrokuboklarda bizi sevindirəcəklər. Ürəyim hər zaman "Neftçi"dədir.

(Apasport)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest