2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak edəcək voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin hazırlıqları sona çatıb.

Matc.az xəbər verir ki, hazırlıq planına əsasən voleybolçularımız 11-15 iyul Bolqarıstanda, 15-19 iyul Rusiyada, 19-24 iyul Türkiyədə, 24-30 iyul Braziliyada təlim-məşqləri keçib. Millimiz hazırlıqlar zamanı Bolqarıstan, Rusiya və Türkiyə milliləri və Braziliya klubu "Esporte Pinheiros" ilə yoldaşlıq oyunlarında da qüvvəsini sınayıb.

Braziliya klubu "Esporte Pinheiros" ilə keçirilən qarşılaşmalar gərgin mübarizə şəraitində keçib. Hər iki oyunda 3:2 hesabı qeydə alınıb. İlk görüşdə millimiz, növbəti oyunda isə "Esporte Pinheiros" klubu qalib gəlib.

Dünən son yoxlama oyununu keçirərək hazırlıqları sona çatdıran yığmamız bu gün turnirinin keçiriləcəyi Braziliyanın Uberlandiya şəhərinə yola düşəcək.

Qeyd edək ki, Olimpiya Oyunlarının seçmə mərhələsinin görüşləri 1-3 avqust tarixlərində keçiriləcək. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün ümumilikdə 24 ölkənin milli komandası mübarizə aparacaq. Lisenziya xarakterli Təsnifat Turnirindən, hər qrupdan yalnız qrup birinciləri birbaşa olaraq 2020 Yay Olimpiya oyunlarına vəsiqə əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest