Azərbaycan Premyer Liqasında XI turun “Qarabağ” – “Zirə” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib...
 
- Çətin oyun oldu. Son vaxtlar həm psixoloji, həm fiziki yorğunluq var. Xallarımızın üstünə biri də gəldi. Heyətdə xeyli dəyişiklik etmişdik. Zədəli futbolçularımız çoxdu. Buna görə də risk etmədik. Futbolçular çox əziyyət çəkdi. Qələbə qazanmaq istəyirdik, 1 xal qazandıq.
 
- APOEL-ə məğlubiyyətdən sonra komandada ab-hava necədi?
- Elə perioddayıq ki, həmin oyunun üzərinə çox da gedə bilmirik. Çünki 2 gündən sonra başqa matçımız olur. Nə qədər də futbolçuları hazırlaşdırmaq istəsək, psixoloji gərginlik var. Futbolçular ağır qrafikdədilər. Bəzən istədiyimiz heyəti formalaşdıra bilmirik. 3-4 gündən bir oyun keçirmək, millilərin oyunu – hər şeyi ümumi götürəndə komandanı hazır saxlamaq asan deyil. Çempionatda nəticələr pis deyil. Gərginlik var, amma çalışırıq ki, bunu aradan qaldıraq. Mən özüm də bu oyuna tam hazırlaşa bilməmişdim. İstənilən halda, ağlımızda APOEL-lə oyunun nəticəsi qalır. Ancaq peşəkarıq, gələcəyə baxmalıyıq, oyunlara daha yaxşı hazırlaşmalıyıq.
 
- Son 4 çempionat matçında cəmi 1 qələbəniz var. Aradakı xal fərqi arxayınlaşmağa səbəb olmayıb ki?
- Hər oyunda daha yaxşı nəticə qazanmaq istəyirik. Rəqiblər bizə qarşı çox ciddi hazırlaşırlar. İlk yarıda da rotasiyalar olmuşdu, ancaq bütün oyunlarda qələbə qazanmışdıq. Əsas narahatlığımız zədəlilərin çoxluğudu. Hər komandanın başına gələn situasiyadı. Bəzən eniş olur. Ancaq biz yerimizi qoruyub saxlaya bilirik. Qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq.
 
- Avropa Liqasında “qatar gedib”, yoxsa ümid var?
- Sona kimi mübarizə aparacağıq. Qarşıdakı oyunlarda nə olacağını bilmək olmaz. Şans varsa, bundan maksimum istifadə etməyə çalışacağıq. Həm futbolçular, həm də mən inanıram.
 
- Daninin durumu necədi?
- 1 həftə sonra fərdi məşqlərə başlayacaq.
 
- Ozobiç bu il oynaya biləcək? Bir də Mahirin durumu...
- Ozobiç komanda ilə məşqlərə başlayacaq. Amma bu il inanmıram meydana çıxsın. Mahir fitnesdə hazırlığa başlayıb. Gələn həftənin birinci günündən fərdi məşq edə biləcək. Dani və Mahirin “Sevilya” ilə oyuna hazır olacağını gözləyirik. 100 faiz olmasa da, “18-lik”yə daxil edə bilərik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest