“Barselona”nın vingeri Entoni Qordon UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah” üzərində qazanılan 4:1 hesablı səfər qələbəsini şərh edib. Matc.az xəbər verir ki,  ingiltərəli futbolçu Kataloniya təmsilçisinin ilk iki qoluna imza atıb və qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 
 
Görüşdən sonra ona özünü “Bakı kralı” hesab edib-etmədiyi barədə sual ünvanlanıb. Qordon bu fikirlə razılaşmasa da, paytaxtımızın onun üçün xüsusi yer olduğunu bildirib:
 
“Özümü belə adlandırmazdım, amma bura mənim üçün çox xüsusi yerdir. Əslində, het-trik etməli idim, lakin sol ayağımla fürsəti qaçırdım. Buna baxmayaraq, çox xoşbəxtəm.
 
Son bir neçə gün səfər və ailəmdən uzaq qalmaq səbəbindən mənim üçün asan keçmədi. Amma işimizi gördük və “Sabah”a hörmətlə yanaşdıq. Onlar həqiqətən yaxşı komandadır. Meydanda yaxşı pressinq etdik, qol imkanları yaratdıq və onlardan yararlandıq. Bu komandanın bir hissəsi olduğum üçün çox sevinirəm.
 
Qol vurmaq bizim əsas məqsədimizdir. Hücum etməkdən əl çəkmirik, bu, bizim oyun üslubumuzdur. Bakıya yenidən qayıtmağı həqiqətən istəyirəm. Ümid edirəm ki, tezliklə bura dönəcəyəm”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest