Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışını başa vurub. Matç.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, yığmamız yanvarın 7-27-də Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçib.

Yığmamızın baş məşqçisi Vaqif Şirinov 26 idmançının qatıldığı toplanışı dəyərləndirib. O bildirib ki, hazırlıq yüksək səviyyədə keçib: "Toplanışda əsas məqsəd funksional hazırlığa yönəlmişdi. Demək olar ki, 70-80 faiz fiziki təmrinlər üzərində çalışdıq. Həmçinin taktiki-texniki məşqlərə də yer verdik. İlin ilk hazırlığının yekunu olaraq hər şeyin yüksək səviyyədə keçdiyini deməliyəm. Gündə 3 məşq edirdik və bu səbəbdən də düşərgədə olan boksçulardan istədiyimizi ala bildik. Döyüş hazırlığına gəlincə, bunun üzərində kifayət qədər işlədik və yarışdan-yarışa hər şeyin qaydasına düşəcəyinə inanıram. Ola bilsin, bəzi çəkilərdə dəyişikliklər reallaşsın. Lakin bütün bunlar beynəlxalq arenalardakı çıxışlardan asılı olacaq".

Şirinov hazırda boksçulara 2 günlük istirahət verildiyini də deyib. Onun sözlərinə görə, hazırlıq yanvarın 30-dan Bakıda davam edəcək: "Bu dəfə Boks Mərkəzində bir araya gələcəyik. Burada idmançıların sayının artması da istisna deyil. Məşqlərin gedişində bizi qarşıda gözləyən turnirlər üçün heyətlər də dəqiqləşəcək".

Qeyd edək ki, boksçularımız fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərində və Bolqarıstanda baş tutacaq beynəlxalq turnirdə güclərini yoxlayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest