3-18 noyabrda BƏƏ-nin Əl-Əin şəhərində keçiriləcək güllə atıcılığı üzrə dünya çempionatında iştirak hüququnu əldə etmiş Azərbaycan Milli Paralimpiya komandasının üzvləri müəyyənləşib. Matc.az xəbər verir ki, beynəlxalq para-atıcılıq federasiyasının dünya çempionatında iştirak üçün təyin etdiyi minimal kvalifikasiya standartını (MKS) 4-13 iyunda Fransanın Şatoru şəhərində keçirilmiş dünya kubokunda yerinə yetirmiş Kamran Zeynalov, Elşad Məmmədov, Rafiq Əliyev və Aybəniz Babayeva Dünya çempionatında iştirak edəcəklər.
 
Kişilər arasında 10 metrəyə atışda (P1) (MKS – 532 xal) milli komandanın üzvləri Kamran Zeynalov 547 xal və Elşad Məmmədov 545 xal toplayaraq dünya çempionatında ölkəmizi təmsil edəcəklər. Eyni zamanda Zeynalovla Məmmədov qarışıq növdə 50 metrəyə atışda da (P4) (MKS – 500 xal) iştirak edəcəklər. Zeynalov Fransada keçirilmiş yarışda 526, Məmmədov isə 505 xal toplayıb.
 
Qadınlar arasında 10 metrəyə atışda (P2) (MKS – 500 xal) Aybəniz Babayeva 550 xal toplayaraq çempionata öz vəsiqəsini təmin edib.
 
Digər idmançımız Rafiq Əliyev qarışıq növdə 25 metr (P3) (MKS- 530 xal) 538 xal nəticə göstərək dünya çempionatına lisenziyasını əldə edib.
 
Dünya çempionatı Paris 2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün lisezniya xalı da qazandıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest