Almaniya millisinin hücumçusu Nik Voltemade yay "transfer pəncərəsi" bağlanana qədər klubunu dəyişə bilər. 24 yaşlı forvard karyerasını İtaliya A Seriyasında davam ettirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder, jurnalist Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, almaniyalı hücumçunun transferində "Napoli" yaxından maraqlanır. İtaliya klubu son 24 saat ərzində Voltemadenin icarə şərtlərini öyrənmək üçün "Nyukasl" rəhbərliyi ilə əlaqə saxlayıb.
Neapol təmsilçisi üçün digər alternativ variant "Çelsi"dən Mark Qiyu olsa da, almaniyalı oyunçunun keçidi də ciddi şəkildə nəzərdən keçirilir və hazırda yekun qərar "Nyukasl"dan gözlənilir.
Qeyd edək ki, Nik Voltemade 2025-ci ilin yayında "Ştutqart"dan İngiltərə klubuna 75 milyon avro qarşılığında transfer olunub. Geridə qalan mövsümdə bütün turnirlərdə 51 matça çıxan oyunçu 11 qol və 5 məhsuldar ötürmə ilə yaddaqalıb.
Almaniya yığmasında 12 oyunda 4 qol vuran hücumçunun klubu ilə 2031-ci ilə qədər müqaviləsi var və onun transfer dəyəri 55 milyon avro qiymətləndirilir.












