Türkiyənin Antalya şəhərində keçirilən taekvondo yarışlarına yekun vuruldu. Matc.az xəbər verir ki, "DTF Prezident Kuboku" ardından baş tutan G1 kateqoriyalı "Turkish Open" beynəlxalq turnirdə də qüvvəsini sınayan Azərbaycan milli komandası uğurlu çıxış edib.

20 taekvondoçu (6 qadın 14 kişi) ilə yarışda təmsil olunan komandanın altı üzvü medala sahib olub. Kişi taekvondoçumuz Milad Beigi Həçəqani 80 kq çəki dərəcəsində, qadınlardan isə Patimat Abakarova 53 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaşım Maqomedov (58 kq) və Radik İsayev (+87 kq) isə finalda məğlubiyyətə üzülüb. Digər təmsilçimiz Məhəmməd Məmmədov (68 kq) və Ramin Əzizov (87 kq) yarışı yarımfinal mərhələsində başa vurub.

Beləliklə, 51 ölkədən 1615 idmançının qatıldığı sayca 6-cı olan turnirdə millimiz aktivinə 2 qızıl, 2 gümüş və 2 bürünc medal əlavə edib.

Qeyd edək ki, ATF-nın vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov, böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə yarışlarda iştirak edən millimiz 19 fevral tarixində vətənə dönəcək. Ölkəmizi bu yarışlarda hakim qismində beynəlxalq dərəcəli hakimlərdən Gündüz Abdullayev, Oh Kvanq Çeol, Çoşqun Nadirov və Nigar Hacıyeva təmsil edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest