“Altı xallıq oyundur. Tamam və davam oyunlarından biridir. Futbol proqnozu sevmir. Anlayırıq ki, çox vacib oyundur”.
Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ı məğlub edən “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXXI turunda əldə olunan 2:0 hesablı qələbəni şərh edib: “Futbolçuların üzərində böyük təzyiq var idi. Neçə tur idi ki, qələbə qazana bilmirdik. Avrokuboklar mübarizəsindən düşmə zonasındaydıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər. Gərginlik var idi. Yolumuza davam edirik. Çətin oyunlar bizi gözləyir. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Uğurlu nəticələr qazanmaq istəyirik. Yeddi ayın komandasıyıq. İndi iddialıyıq, məni çox sevindirir”.
Şahin Diniyev növbəti turda “Sabah”la oyunun əhəmiyyətindən bəhs edib: “Altı xallıq oyundur. Tamam və davam oyunlarından biridir. Futbol proqnozu sevmir. Anlayırıq ki, çox vacib oyundur. Son matça qədər "Səbail" döyüşəcək”.
“Səbail”in baş məşqçisi komandanın potensialına inandığını bildirib: "Səbail" funksional hazırlığı yaxşı olan komandalardandır. Komandanın gücünə, potensialına inanıram. Komandam pik nöqtədə olmasa da, yaxşıdır. Ağabala Ramazanovu da geri qayıtdığı üçün təbrik etmək istəyirəm. Onun meydana daxil olması futboldan çox, insanı yanaşma idi. Düzdür, hazır deyildi. Amma Ağabala ölümlə həyat arasında çarpışan biri idi. Onu futbola qaytardıq. Heyətimiz yetərlidir ki, sona qədər mübarizə aparaq”.