"Haiti keyfiyyətli komandadı, hazırda FİFA reytinqində bizdən 30 pillə irəlidədi”. Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.
Martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə üz-üzə gələcək yığmamız 3 gün sonra “Bank Respublika Arena”da Belarus millisi ilə münasibətləri ayırd edəcək.
Bu oyunlardan öncə mətbuat konfransı keçirən Santuş gələcəyin milli komandasını qurmaq istədiklərini qeyd edib: “Biz rəqibləri ancaq qələbə qazanmaq üçün seçməmişik. Elə niyyətimiz olsaydı, Monqolustanı seçərdik”.
Emin Mahmudov və Abbas Hüseynovu zədəli olduqları üçün yığmaya çağırmadığını qeyd edən mütəxəssis bəzi futbolçuların isə fiziki cəhətdən hazır olmadığından heyətdə yer almadıqlarını bildirib.
Portuqaliyalı çalışdırıcı futbolçuların oruc tutmasına da toxunub: "Əlbəttə ki, məşqlər və oyunlar zamanı da oruc tutmalarına cazə veriləcək. Belə məsələlərə hörmətlə yanaşmaq lazımdı. Mövcud vəziyyətə uyğun olaraq məşq saatları seçməyə çalışacağıq”.