Portuqaliyalı mütəxəssis Karluş Keyruş sosial şəbəkə hesabında Qana milli komandasının baş məşqçisi postundan ayrıldığını elan edib.
Matc.az xəbər verir ki, təcrübəli baş məşqçi Qana futbol ictimaiyyətinə və azarkeşlərinə vida müraciəti ünvanlayıb:
"Qanaya müraciət etmək istəyirəm. Futbol, eləcə də həyat bizə bir əbədi dərs öyrədir: ya qalib gəlirsən, ya da öyrənirsən. Mən bu yolu nail olduqlarımızla qürur duyaraq, eyni zamanda, hər zaman daha çoxuna can atanların sağlam narazılığı ilə başa vururam. Daha yüksək səviyyəyə yüksəlmək heç vaxt son məqsəd olmamalıdır – bu, daha iddialı hədəflər üçün başlanğıc nöqtəsi olmalıdır.
"Qara ulduzlar"ın gələcəyi təkcə futbol meydanında qurulmayacaq. Bu komandanın uğuru meydandan kənarda – Qananın görkəmli futbol istedadlarının hazırlanması, qorunması və inkişafı üçün mümkün olan ən yaxşı şəraitin yaradılması ilə başlamalıdır.
Futbol federasiyasının prezidentinə və idarə heyətinə Qana milli komandasına xidmət etmək imkanı yaratdıqları üçün çox təşəkkür edirəm. Ölkəyə və "Qara ulduzlar"a xidmət etmək mənim üçün şərəf və imtiyaz idi. Oyunçularıma və məşqçilər heyətimə – cəsarətiniz, fədakarlığınız və işinizə sarsılmaz sadiqliyiniz üçün dərin minnətdarlığımı bildirirəm.
Azarkeşlərə isə bunu demək istəyirəm: idman nəticələrindən tam razı qalmağımız çətindir, lakin fəxrlə bəyan etməyə haqqımız var ki, biz Qana rənglərini layiqincə təmsil etdik və ən böyük futbol arenasında "Qara ulduzlar"a hörmət və nüfuzu qaytardıq. Təşəkkür edirəm, Qana. Yol indi başlayır".
Qeyd edək ki, Qana yığması DÇ-2026-nın qrup mərhələsində Panamanı məğlub edib (1:0), İngiltərə ilə heç-heçə oynayıb (0:0) və Xorvatiyaya uduzub (1:2). Afrika təmsilçisi yarışın 1/16 final mərhələsində isə Kolumbiya seçməsinə məğlub olaraq (0:1) turnirlə vidalaşıb.













