Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Sabah" mötəbər turnirdə debüt oyununa çıxır.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Uelsin TNS komandası ilə qarşılaşacaq.
Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Patrik Qriskieviç olacaq. Ona yan xətlərdə Marçin Boniek və Bartoş Kasunski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Voyçex Mus yerinə yetirəcək.
Ölkə çempionu titulunu qazanaraq Çempionlar Liqasına vəsiqə qazanan Bakı klubunun Uels təmsilçisi ilə oyunu iyulun 7-də saat 20:00-da start götürəcək.
Bu turnirdə 18-ci dəfə qüvvəsini sınayacaq rəqib komanda ilə cavab qarşılaşması isə bir həftə sonra, yəni 14 iyul tarixində Uelsdə baş tutacaq. "Park Hall" stadionunda keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.












