Fransa Futbol Federasiyası dünya çempionatının 1/8 finalında Paraqvay yığması ilə keçirilən matçda yarımmüdafiəçi Maykl Olisenin aldığı sarı vərəqənin ləğv edilməsi xahişi ilə FİFA-ya müraciət etmək imkanlarını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə L'Equipe idman nəşri məlumat yayıb.
Bildirilir ki, xəbərdarlıq oyunçuya qarşılaşmanın əlavə vaxtında verilib. Fransa tərəfinin bu epizoda diqqət yetirməsi turnirin reqlamentindən irəli gəlir. Qaydalara əsasən, sarı vərəqələr yalnız 1/4 final mərhələsindən sonra silinir.
Əgər Olise Mərakeş yığması ilə növbəti matçda daha bir xəbərdarlıq alarsa, avtomatik diskvalifikasiya səbəbindən dünya çempionatının potensial yarımfinal oyununu buraxmaq məcburiyyətində qalacaq.
Fransa tərəfinin mümkün apelyasiya hazırlamasına səbəb FİFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı qəbul etdiyi son qərar olub. Belə ki, Beynəlxalq Futbol Federasiyası daha əvvəl amerikalı forvardın qırmızı vərəqəsini ləğv edib.













