UEFA 2026-cı il futbol üzrə dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloquna göstərilən qırmızı vərəqədən sonra cəzanın təxirə salınması ilə bağlı yaranmış vəziyyətlə əlaqədar rəsmi bəyanat dərc edib.
Matc.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
UEFA-nın sərt tənqidlərlə dolu rəsmi bəyanatında bu fikirlər yer alıb: "Folarin Baloquna göstərilən qırmızı vərəqədən sonra avtomatik bir oyunluq diskvalifikasiyanın tətbiqinin 1 il müddətinə təxirə salınması ilə bağlı dünən qəbul edilən qərar qırmızı xətti keçib. Futbol, hər bir digər idman növü kimi, ədalətli, vicdanlı və şəffaf rəqabətin əsası olan qaydalara söykənir. Bəzən qaydalar şərhə yol verir, lakin bu vəziyyətdə xeyr. Qırmızı vərəqədən sonra minimum avtomatik 1 oyunluq cəza subyektiv seçim deyil və bunun tətbiqi üçün səlahiyyətli orqanın qərarına ehtiyac yoxdur. Bu, reqlamentə daxil edilmiş elə bir prinsipdir ki, istisna edilə bilməz. Xüsusən də bir neçə digər oyunçunun eyni vəziyyətdə qaldığı və cəzalarını müntəzəm olaraq çəkdikləri turnirin ortasında belə addım atıla bilməz.
Qaydaların müəyyənliyinə onların qoruyucuları tərəfindən zəmanət verilmədikdə, oyunun dürüstlüyü təhlükə altına düşür, yarışa olan inam isə sarsılır. Bundan əlavə, belə bir qərar cari turnirdə presedent yaradır və indi analoji vəziyyətlərdə yarışın ziyanına olaraq hamıya eyni cür yanaşılmasını tələb edəcək.
Futbol dünyada ən çox sevilən idman növüdür, çünki o, gözəl oyundur. Hər yerdə eyni qaydalarla oynanıldığı üçün ona inanırlar. Heç bir turnir tamamilə təcrid olunmuş hadisə deyil və söhbət dünya çempionatından gedirsə, o, bütövlükdə bütün oyuna həm müsbət, həm də mənfi təsir göstərmək gücünə malikdir.
Biz bu cür görünməmiş, anlaşılmaz və əsassız qərara etinasızlığımızı və etirazımızı bildiririk".












