UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, nəticələrə əsasən, 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları növbəti mərhələyə vəsiqə qazanıblar. Sözügedən komandalar A Liqasının qruplarında ilk iki yeri tutublar.
1/4 finala sonuncu vəsiqənin sahibi Norveç millisi olub. Skandinaviyalılar səfərdə Danimarkanı 3:2 hesabı ilə məğlub edərək qrup ikincisi kimi mərhələ adlayıblar.
Qeyd edək ki, 1/4 final mərhələsinin püşkatma mərasimi noyabrın 20-də keçiriləcək. Bu mərhələnin ilk oyunları 2027-ci il martın 25-27-də, cavab qarşılaşmaları isə martın 28-30-da baş tutacaq.
Turnirin final mərhələsi 2027-ci il iyunun 9-13-də təşkil olunacaq.
Xatırladaq ki, UEFA Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar ötən mövsümün finalında İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər.













