Braziliyada futbol klublarının maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı sərt qaydalar qəbul edilib. Matc.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (CBF) futbolçuların və məşqçilər korpusunun maaşlarını gecikdirən klublara qarşı xal silinməsi cəzası tətbiq etmək qərarına gəlib.
Yeni qaydaya əsasən, 2028-ci ildən Braziliya çempionatının A və B seriyalarında çıxış edən komandalar mövsümün başlamasına 20 gün qalmış futbolçular və məşqçilər qarşısında maliyyə öhdəliklərini yerinə yetirdiklərini təsdiqləməlidirlər. Maaş borcu olan klublar çempionata -3 xalla başlayacaqlar.
Cəza mexanizmi mövsüm ərzində də qüvvədə olacaq. Belə ki, maaş gecikməsi 30 günə çatarsa, kluba yeni futbolçuların qeydiyyatı ilə bağlı transfer qadağası tətbiq ediləcək. Gecikmə 60 gün davam edərsə, qadağa bütöv transfer pəncərəsini əhatə edəcək. Borc 90 günə çatdıqda isə klubun hesabından əlavə 3 xal silinəcək.
Qeyd edək ki, B seriyasında maaş gecikmələrinə görə xal silinməsi qaydası artıq 2027-ci ildən tətbiq olunacaq. Bu addım Braziliya futbolunda maliyyə intizamının gücləndirilməsi və klubların borclanmasının qarşısının alınması məqsədi daşıyır.













