18 Noyabr 2026, 14:57
FUTBOL
"O zaman öhdəsindən gəlməkdə çətinlik çəkdiyim ciddi bir vəziyyətlə üz-üzə idim. Oğlum Kayın məni həmin vəziyyətdə görməsini istəmirdim. Buna görə də hər kəsdən gizlənirdim"
İngiltərə futbolunun əfsanələrindən Ueyn Runi karyerasının ən parlaq dövründə belə ağır psixoloji sarsıntılar yaşadığını açıqlayıb. “Mançester Yunayted”in sabiq hücumçusu etiraf edib ki, həyatının ən çətin anlarında intihar etmək barədə düşünüb.
Matc.az xəbər verir ki, Runi bu barədə “Life at the Midpoint” podkastında danışıb. O bildirib ki, futbol meydanında uğurdan-uğura qaçdığı bir vaxtda şəxsi həyatında ciddi psixoloji problemlərlə mübarizə aparırmış.
Həmin dövrdə yeni evlənən və ilk övladı Kayın atası olan Runi bəzən iki gün ardıcıl evdən çıxmır, içki içərək insanlardan uzaqlaşmağa çalışırmış:
“İndi geriyə baxanda davranışlarımın eqoist olduğunu anlayıram. Amma o zaman öhdəsindən gəlməkdə çətinlik çəkdiyim ciddi bir vəziyyətlə üz-üzə idim. Oğlum Kayın məni həmin vəziyyətdə görməsini istəmirdim. Buna görə də hər kəsdən gizlənirdim.
Elə bir həddə çatmışdım ki, intihar etməyi düşünürdüm. Heç kimin yanında olmaq, küçədə insanlarla qarşılaşmaq, hətta mağazalara girmək belə istəmirdim”.













