“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino klubun azarkeşlərinin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis komandada həyata keçirmək istədiyi əsas hədəflərdən, uşaqlıq kumirindən və “Old Trafford”da eşitdiyi mahnının onun üçün xüsusi məna daşımasından danışıb.
Poçettino “Mançester Yunayted”də ilk növbədə qalibiyyət mədəniyyətini formalaşdırmaq istədiyini bildirib: “Kluba nə qazandırmaq istəyirəm? Düşünürəm ki, hamımızın razılaşacağı ilk məsələ oyunlarda qalib gəlməkdir. Bunun üçün birlikdə çalışmalı, eyni məqsədə köklənməli və öz fəlsəfəmizi formalaşdırmalıyıq. Hazırda ən vacib məsələ ən yüksək səviyyədə rəqabət aparmağın və qələbə qazanmağın yolunu tapmaqdır. Bu klubu xüsusi edən nədir? Azarkeşlər, qələbə ənənələri və “Mançester Yunayted”i fərqləndirən bir çox başqa amillər”.
Argentinalı mütəxəssis “Country Roads” mahnısının onun üçün xüsusi xatirələrlə bağlı olduğunu da qeyd edib. O, mahnını “Old Trafford”da eşitməsini bir işarə kimi qiymətləndirib: “Country Roads” mahnısı mənim üçün çox böyük məna daşıyır. Çünki ABŞ-da xüsusi uğura imza atmışdıq və dünya çempionatındakı qələbələrimizdən sonra məhz bu mahnı səsləndirilirdi. Onu “Old Trafford”da eşitdim. Bu, bir işarə idi, elə deyilmi?
Uşaqlıqda kumirim kim olub? Dieqo Armando Maradona. O, uşaqlıq illərimdən kumirimdir. Bu gün də belədir və həmişə belə qalacaq”.













