"Niko Pasda bu məqsədə çatmasına kömək edə biləcək keyfiyyətlər var. Ümid edirəm ki, o, arzusunu gerçəkləşdirəcək"

Argentina millisinin sabiq yarımmüdafiəçisi Xuan Sebastian Veron hazırkı yığmanın heyətində istedadı ilə onu Dieqo Maradona və Lionel Messini xatırladan futbolçunun adını açıqlayıb. Matc.az xəbər verir ki, keçmiş futbolçu “La Gazzetta dello Sport”a müsahibəsində “Komo”nun yarımmüdafiəçisi Niko Pasın oyun keyfiyyətlərini yüksək qiymətləndirib.
 
Veron 22 yaşlı futbolçunun böyük potensiala malik olduğunu və indiki inkişaf tempini qoruyacağı təqdirdə parlaq gələcəyinin olacağını bildirib.
“Niko Pas inanılmaz istedada malikdir. Əgər hazırda nümayiş etdirdiyi peşəkarlığı qoruyub saxlaya bilsə, gələcək onun olacaq. 22 yaşlı futbolçuda bu səviyyədə oyunu indiyədək yalnız Dieqo Maradona və Lionel Messidə görmüşəm.
 
Onun mütləq həmin zirvəyə çatacağını, bütün dövrlərin ən böyük futbolçularından birinə və öz erasının simvoluna çevriləcəyini demirəm. Maradona və Messi bunu hərəsi özünəməxsus şəkildə bacarıb. Lakin Niko Pasda bu məqsədə çatmasına kömək edə biləcək keyfiyyətlər var. Ümid edirəm ki, o, arzusunu gerçəkləşdirəcək”, – deyə Veron bildirib.
 
Qeyd edək ki, Niko Pas Argentina millisinin perspektivli futbolçularından biri hesab olunur. Gənc yarımmüdafiəçi texnikası, oyun quruculuğu və hücum potensialı ilə diqqət çəkir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest