2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplantısına davam edir. Matc.az xəbər verir ki, hazırlıq planına əsasən ilk olaraq komandamız Bolqarıstanda (11-15 iyul), daha sonra Rusiyada (15-19 iyul) təlim-məşq toplantısı keçib.
Hazırlıqlar ərəfəsində voleybolçularımız Bolqarıstan və Rusiya milliləri ilə yoldaşlıq oyunları keçirib. Rusiya millisinə qarşı keçirilən hər iki yoxlama matçından ev sahibləri (3:0) qalib ayrılıb. Bolqarıstandakı 2 yoldaşlıq görüşündə isə 3:1 hesabı qeydə alınıb. İlk oyunda ev sahibləri, ikinci görüşdə isə millimiz qalib gəlib.
Komandamızın Rusiya toplanışı bu gün başa çatıb. Yığmamız artıq Türkiyəyə yollanıb. Voleybolçularımız İzmirdə təlim-məşq toplanışı keçəcək və yerli komanda ilə bir yoldaşlıq oyununda üz-üzə gələcək.
Komandamız turniri qəbul edəcək Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.