Azarkeşlərin "Növbə Sənindir" yarışı vasitəsilə 12 ev sahibi şəhərin hər birindən 2 nümayəndənin seçilməsi ilə rəsmi UEFA AVRO-2020 Fristaylerlər Komandasının heyəti təsdiqlənib. Matc.az xəbər verir ki, azarkeşlər Avropada ən orijinal və parlaq fristaylerləri tapmaq üçün təşkil olunan onlayn istedad yarışmasında öz sevimli fristayler futbolçularına səs veriblər.

Yüzlərlə iştirakçı ölkələrini Avropa çempionatının 60 illik yubileyində təmsil etmək üçün bacarıqlarını nümayiş etdirən videolar təqdim etmişdi və fristayl futbolu dünyasının ən böyük adlarından ikisi – ingiltərəli keçmiş dünya çempionu Liv Kuk və norveçli keçmiş Avropa çempionu Tobias Beks tərəfindən bu videolar arasında seçim aparılaraq hər məkan üçün qısa siyahı hazırlanıb.

Azarkeşlər qısa siyahıya daxil edilmiş videoları nəzərdən keçirərək hər bir ev sahibi ölkəni təmsil edəcək iki fristayleri seçməklə öz qaliblərini müəyyən ediblər. Həmin 24 fristayler turnirə hazırlıq və rəsmi kubok turu zamanı, eləcə də yarış müddətində, o cümlədən oyunlarda və azarkeş zonalarında UEFA AVRO-2020-nin rəsmi talismanı Skillzy-nin ətrafında birləşəcəklər.  

Amsterdam – Laura Dekker, Cessi Marlet

Bakı – Kader Alimova, Nuqzar Kvirtiya

Bilbao – Paloma Mayo, Alexandro Portilya

Buxarest – İoanna Andrea, Stefan Floresku

Budapeşt – Kitti Şas, Zoltan Liptak

Kopenhagen – Maymi Asgeri, Kristofer Bax

Dublin – Ella Stil, Sem Mədden

Qlazqo – Co Eşvort, Devid Menni

London – Aquska Mniç, Skott Penders

Münhen – Dana Embaxer, Samuel Ueller

Roma – Anastasiya Baaqlini, Antonio Kolella

Sankt-Peterburq – Svetlana Kovalyova, İqor Oleynik

 

"İstedadlı fristaylerlərin sayı çox olduğuna görə qısa siyahıda kimin olmasına qərar vermək çox çətin idi. Artıq qaliblər seçilib. Mən hamı ilə görüşməyi və bu heyrətamiz təcrübəni onlarla bölüşməyi səbrsizliklə gözləyirəm. Şübhəsiz ki, qaliblər tarixdə ən həyəcanlı Avro turnirinə məharət və rəng gətirəcəklər", – deyə 27 yaşlı fristayl futbol üzrə dəfələrlə Avropa çempionu olmuş Beks bildirib.

Dördqat dünya fristayl rekordçusu və UEFA-nın Qadın Futbolu üzrə Səfiri olan 20 yaşlı Kuk söyləyib: "12 fərqli ölkədə yerli istedadlarla fristayl futbolu nümayiş etdirmək imkanı həm mənim üçün, həm də qaliblər üçün nadir bir fürsətdi. Bakı və ya Bilbao, Qlazqo və ya Romada oyuna getmələrindən asılı olmayaraq, azarkeşlər Avropanın ən yaxşı fristaylerlərini və küçə futbolçularını seyr edə biləcəklər. Bu, turnirə tamamilə yeni bir səviyyə gətirəcək və ümidvaram ki, insanları bunu sınaqdan keçirməyə ruhlandıra bilər".

Fristayl futbol küçə futbolu, panna və oyun bacarıqlarına əsaslanan digər formaları ilə əlaqəlidi. O, rəqs və hətta bədii gimnastika ilə ümumi xüsusiyyətlərə malikdi, həmçinin musiqi ilə də sıx bağlıdı. Fristayl futbolu oyun deyil – bu, yaradıcılıq və bədii çıxışın bir ifadəsidi.

UEFA AVRO-2020 fristaylerləri haqqında daha ətraflı məlumat əldə etmək üçün www.euro2020.com/your-move səhifəsinə daxil olun.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest