09 Dekabr 2020, 10:29
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşəhər" (Türkiyə) matçının hakimləri dəyişdirilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma Niderlanddan olan baş hakim Danni Makkeliyə tapşırılıb. Ona həmyerlisi Mario Diks və polyak Marsin Bonek kömək edəcək. Dördüncü hakim funksiyasını da Polşadan Bartoş Frankovski yerinə yetirəcək. Baş hakimin VAR üzrə köməkçiləri Marko Di Bello və Maurisio Marianidir.
PSJ – "Başakşəhər" matçı bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək.
Xatırladaq ki, ötən gecə Fransada keçirilən PSJ - "Başakşəhər" matçının 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastyan Kolteskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. üstəlik, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib və hakimlərin dəyişdirilməsini tələb edib. Nəticədə qarşılaşma bu günə təxirə salınıb.