Futbol üzrə Türkiyə milli komandasının Aç-2020 üçün hazırlıq proqramı açıqlanıb.
 
Matc.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yığma komanda 11 iyun-11 iyul tarixlərində keçiriləcək turnir öncəsi mayın 17-də Antalyadakı "Regnum Carya" otelində toplaşacaq.
 
"Ay-ulduzlular" 27 mayda Alaniyanın Oba stadionunda Azərbaycan millisiylə, 31 mayda Antalya stadionunda Şimali İrlandiya yığması ilə yoldaşlıq görüşündə qarşılaşacaqlar.
 
Daha sonra, 2 iyun tarixində Almaniyanın Harsevinkel şəhərindəki Klosterpforte otelində toplaşacaq milli komanda 3 iyunda Paderborn stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.
 
Almaniyadakı təlim-məşq toplanışını bitirdikdən sonra yığma 10 iyunda Aç-2020 matçları üçün Romaya gedəcək. A qrupunda mübarizə aparacaq Türkiyə millisi 11 iyun cümə günü Bakı vaxtı ilə saat 23:00-da Roma Olimpiya Stadionunda İtaliya ilə turnirin açılış matçına çıxacaq.
 
Qrupdakı digər oyunlar üçün milli komanda iyunun 12-də Azərbaycanın paytaxtı Bakıya gələcək və "Fairmont Baku Flame Towers"də qalacaq. Qardaş ölkənin yığması 16 iyunda Uelslə, 20 iyunda İsveçrə ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ev sahibliyi edəcəyi hər iki oyun yerli vaxtla saat 20:00-da başlayacaq.
 
Qrupdan çıxacağı təqdirdə, milli komanda 21 iyun tarixindən etibarən yenidən Almaniyanın Klosterpforte otelindəki düşərgəyə gedəcək və qurulacaq yarış təqviminə uyğun hərəkət edəcək.
 
Türkiyə yığması qrupdan çıxsa, 1/8 final matçını 26-29 iyun tarixləri arasında London, Amsterdam, Bilbao, Buxarest və ya Qlazqoda keçirəcək.
 
1/4 final 2-3 iyul tarixlərində Münhen, Bakı, Sankt-Peterburq və Romada keçiriləcək. Londonun ev sahibliyi edəcəyi yarımfinal 6-7 iyul, final isə 11 iyul tarixində olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest