"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Abasov, 1:0 hesabıyla qələbə qazanaraq, çempion olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- çempionat ərzində çox danışmışıq. Bu gün artıq sözlər tükənib. Azarkeşlərimizin bizə inamı möhtəşəm idi. Bütün camiəmizi təbrik edirəm. Bu cür azarkeşi olan komanda axır-əvvəl nəticə verməlidir. Komandanı yeni qurmuşuq. Bu çempionluq olmaya da bilərdi. Gördüyümüz iş onu göstərdi ki, düzgün yoldayıq. Hər kəsi təbrik edirəm. Gözdə görünməyən insanlar var ki, onların da bu çempionluqda rolu böyükdür. Məşqçilər və futbolçular göz qabağındadır. Lakin görünməyənlər də var ki, uğurumuzda böyük pay sahibidirlər. Bu çempionluq məndən çox onların haqqıdır. Futbolçuların valideynlərinə təşəkkür edirəm ki, bu cür çempion ruhlu futbolçular yetişdiriblər. Biz bu gün bir strukturu məğlub etdik. "Qarabağ"ın çox yaxşı strukturu var. Onlara uğurlar arzu edirəm. Onlara qurduğu strukturlara görə, rəqabətə görə təşəkkür edirəm. Bu ilin komandası biz idik.
 
- "Neftçi" bu heyətlə davam edəcək, ya yeni transferlər olacaq?
- özümüz məşqçilərlə planlar qurmuşuq, lakin hələ rəhbərliklə danışmamışıq. Yolu rəhbərlik müəyyən edəcək, 2-3 gündən sonra danışacağıq. çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etmək üçün heyətimiz yetərli deyil. Bir baş məşqçi kimi əlimdən gələni edəcəm. İnanıram ki, yaxşı olacaq.
 
- Penalti epizodları ilə bağlı fikirləriniz nədir?
- Qələbəmizə belə epizodlarla kölgə salmaq istəmirəm. Bir epizodda topun yerdə futbolçumun əlinə dəydiyini gördüm, lakin penalti olub-olmadığını bilmirəm. Ancaq Xaymenin epizodunu dəqiq deyə bilmərəm. Qıraqdan görünən o idi ki, orda penalti yox idi. Dəqiq baxdıqdan sonra nəsə deyə bilərəm.
 
- Siz komanda olaraq "Qarabağ"a qalib gəldiz, yoxsa Qurban Qurbanova?
- "Qarabağ"da illərdir qurulan bir struktur var. Mənim Qurbanla rəqabətim yoxdur, klublarım aralarındakı rəqabət var. "Neftçi"nin adı min Samirdən yüksəkdir.
 
- Komandaya gələndə ilk nəyi dəyişdiz?
- ölmüş komandanı götürüb, nəsə etmək çox çətin olardı. İlk olaraq futbolçularda özlərinə inamı yaratmaq lazım idi. Bunu bacardıq. 0:6-dan sonra komandada məyusluq var idi, vəziyyəti düzəltmək lazım idi. Biz çətin sınaqdan çıxmışıq. Uşaqlar böyük iş gördülər.
 
- Bu matçda nisbətən sakit qalmağınız nə ilə bağlı idi?
- Hər iki komanda bir-birindən ehtiyatlanırdı. Açıq futbol oynayıb, rəqibə boşluqlar verə bilməzdik. Bəzi epizodlarda tez top itirdiyimiz üçün əsəbiləşirdim. Sona yaxın bəzi dəyişikliklər etdik. Bu gün nəsə çox rahat idim, içimdə inam var idi ki, çempion olacağıq.
 
- Aqilin səhv etdiyi epizod qolla nəticələnsəydi, necə reaksiya verəcəydiz?
- Bilmirəm, bəlkə də bu sevinc olmayacaqdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest