25 Dekabr 2022, 18:00
MPL
"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyun haqda (2:2) fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
"2022-ci ili qələbə ilə bitirmək istəyirdik. Son nöqtəni qalibiyyətlə qoymaq niyyətimiz idi. Baş verənlər futbolun gözəlliyidir. Futbola aid hər şey gördük. Qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Komandama təşəkkür edirəm. Sona qədər mübarizə apardıq. Komandam yaxşı çıxış etdi. Futbolun özünün yazılmayan qanunları var. UEFA çempionlar Liqasında da belə nəticələr olur. Hər şeyə rəğmən, komandama təşəkkür edirəm. Son 12 oyunda irəliləyiş əldə edə bilmişik. Qışdan sonra da hər şeyin bəhrəsini daha yaxşı görəcəyik.
Elə hislər var ki, onlar sözlə ifadə olunmur. Əvvəllər çox aqressiv olurdum. Sonra gördüm ki, özümdə dəyişikliklər etməliyəm. Anidən hiss gəldi ki, qalib gəlməliyik. Bəli, çox istərdim ki, qazanaq. Sayılmayan qolumuz məni kədərləndirdi. Amma inkişaf etmək lazımdır.
Yola salınan futbolçular mətbuata bildiriləcək. 7-yə yaxın futbolçu komandadan gedə bilər. Yolları açıq olsun. Bir neçə yerli və əcnəbi futbolçu ilə danışıqlar gedir. Hücum xəttini gücləndirmək üçün danışıqlar davam edir. Siyahımız tam tərtib edilməyib. Mən daha çox komandaya xeyir verə biləcək oyunçularla işləyirəm. Əli topla yaxşı oynayır. Mən aqressiv oyunçularla işləməyi sevirəm.
Komandada gəncləşmə siyasəti aparırıq. Tural Axundovun yerinə futbolçu axtarırıq. Elə futbolçu lazımdır ki, rəqabət apara bilsin. Açığı, bir nəfər var. Uzun müddətdir oynamır. Turalın oynaması futbolçuların bir yerdə olmasında önəmlidir.
Qeyd etdiyim 7 nəfər getməsə, bu işlə rəhbərlik məşğul olacaq. Mən komandaya gələndə bir neçə mövqeyə futbolçu lazım olduğunu demişdim. Kimsə getməyə bilər. Komanda tapmaya bilər. Mən hər şeyi təbii qarşılayıram. Rəhbərlik və biz komandanı gücləndirməliyik. Yeni nəfəs, yeni futbolçular, yeni qan komandaya lazımdır.
Kimin gedəcəyi siyahıda qeyd olunub. Bu gün Orxana şans verdik. O, əvəzedici heyətin siyahısındadır. Aldığı məvacib o qədər azdır ki, dilimə ala bilmirəm".