31 Yanvar 2023, 21:40
MPL
"Əvvəlki matçlarda bu qədər qol epizodu yaratmağımız yadıma gəlmir. Təəssüf ki, istifadə edə bilmədik. Bəzən yaxşı oynayıb məğlub olursan. Kaş pis oynayıb qalib gələrdik". Matc.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis komandasının yaxşı oyun göstərdiyini bildirib: "Futbolçularımdan razı qaldım. Rəqibdən qat-qat üstün oyun nümayiş etdirdik. Oyunçularımızın əziyyətinə heyfim gəlir. Qarşıda hələ 16 tur var. Düşdüyümüz vəziyyətdən çıxmağa və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq".
Onun sözlərinə görə, komandanın bu məğlubiyyətdən sonra sonuncu pilləyə geriləməsi psixoloji gərginlik yaratmayacaq: "Əksinə, bizi daha motivasiyalı edə, futbolçuları aqressivləşdirə bilər. Məhz bunun sayəsində hazırkı vəziyyətdən çıxa bilərik".
Əhmədov "Kəpəz" azarkeşlərinin "İstefa" şüarları səsləndirməsinə də toxunub: "Heç bir fanat komandasının sonuncu pillədə olmasını istəməz. Mən "Kəpəz"i götürəndə onsuz da axırıncı yerdə idi. Bacardığımız qədər yuxarı sıralara qalxmaq istəyirik. Həyat davam edir. Qarşıda çox oyun var. Azarkeşləri başa düşürəm və bu cür şüarlar səsləndirmələrini normal qarşılayıram. Klubun rəhbərliyi, İdarə Heyəti var. Onlarla söhbət edəcəyəm. Yenə deyirəm, mən "Kəpəz"i VI turda xalsız götürmüşüdüm. Qış fasiləsinə qədər 13 xal topladıq".
Baş məşqçi komandasının bu matçda qələbə üçün əlindən gələni etdiyini vurğulayıb: "Sadəcə, son nöqtəni qoymaq üçün soyuqqanlılıq çatmadı. Tələskənlik sonda məğlubiyyətə gətirdi".
Mütəxəssis bu yaxınlarda karyeralarını başa vuran Əfran İsmayılov və Rauf Əliyev barədə danışmaq istəmədiyini bildirib: "Bu məsələ mənim üçün bağlanıb. Mən də futbolçu olmuşam, çalışmışam ki, komandaya, məşqçilər heyətinə, klub rəhbərliyinə dəyər verim. Oyunçu məşqçinin iradından sonra etdiyi hərəkətə görə üzrxahlıq etmirsə, əvəzedici heyətə göndərdiyimiz halda orada oynamırsa, məşqlərə qatılmırsa, bu barədə danışmağa dəyməz. "Dubl"dan bəzi gəncləri əsas komandaya cəlb etmişik. Ona görə də artıq digər futbolçulara ehtiyac duymuram".
Əhmədov "Kəpəz" ətrafında qalmaqalların bitməməsinin səbəbini də açıqlayıb: "Komandanın içi, çölü, hər tərəfi söz-söhbətdir. "Kəpəz" Premyer Liqaya təzə gəlib. çalışırıq ki, nəsə edək. Oyuna iki gün qalmış söz-söhbətlər ortaya atılır. Daxildə elə adamlar var ki, zamanında bəzi məlumatları sızdırdılar. Bir futbolçunu etdiyi əmələ görə yola salmışam. Komandanın içində mənə dedi ki, sənin haqqında elə sözlər deyəcəyəm ki, bir Allah bilir. Mən də dedim ki, ürəyin istəyən şeyi deyə bilərsən. Mənim həyatda qorxduğum nəsə yoxdur. önəmli adamam ki, haqqımda danışırlar. İşlədiyim hər klubda nəticə vermişəm. Oyun satan da deyiblər. Bu qumarı çıxaranın, onu oynayanın Allah bəlasını versin. 52 yaşım var, hələ bilmirəm ki, hansı qumar necə oynanılır. Adıma min dənə söz çıxarırlar. Haqqımda danışan futbolçular özləri bilsin, Allahları bilsin. Əlavə heç nə demirəm. Kim nə istəyir yazsın. Bu komandanın daxili çölündən, çölü daxilindən betərdir. Nə qədər çalışırsan ki, kollektiv formalaşdırasan, alınmır ki, alınmır. Komanda bu gün normal oynayır. Məğlubiyyət də olacaq, qələbə də. Mən bu günlə yaşamıram, nəticə üçün yaşayıram. Nə deyirlər, desinlər. Əgər Tərlanın molla dostu varsa, niyə iki il işsiz qalıb? Molla kömək edə bilmədi? İşlədiyim bütün klublarda maddi cəhətdən çətinlik olub. İş gedən yerdə söz-söhbətlər olacaq. İrəlidə gedən adama badalaq vuran çox olur. Deməli, mən önəmli adamam, haqqımda bu qədər söhbətlər gedir".
Baş məşqçi oyundan sonra azarkeşlər arasındakı insidentə və bir nəfərin bıçaqlanmasına da münasibət bildirib: "İndi eşitdim. çox üzücü hadisədir. Həmin azarkeşə baş çəkəcəyik. Futbolda belə hadisələr olmamalıdır. Fanatlıq, kluba sevgi başqadır. çalışacağıq ki, Gəncədə belə hadisələr baş verməsin. Gəncə camaatı hər zaman öz komandalarına sevgi ilə yanaşıb. Stadionda ən çox azarkeş zamanında "Kəpəz"in oyunlarında olub. Amma belə bir insident baş verməyib. Düşünürəm ki, "Kəpəz" azarkeşləri hansısa insident etsinlər. Mənim fikrimcə, onlar komandalarına sevgi və sayğını daha üstün tuturlar".
O, qapıçı Mario Mustapiçin çıxışından razı qaldığını gizlətməyib: "Hər üç qolkiperimiz bütün kriteriyaralara cavab verir. Heç birindən narazılığımız yoxdur. Düzdür, son 2 oyunda 3 top buraxmışıq. Amma burada qolkiperi günahlandıra bilmərəm".