01 Fevral 2023, 19:54
MPL
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
"Oyun planlaşdırdığımız keçdi. Pressinq etmək əsas planlarımızdan idi. Oyun nəzarətimizdə keçdi. Korner rəqibin üstünlüklərindən biridir. Azlıqda qaldıqdan sonra hücumlarımız oldu. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm".
Sadıqov Donald Geryenin debüt matçında qovulduğu epizodla da bağlı danışıb: "Ehtiyatsızlıq ucbatından qırmızı vərəqə aldıq. Bu epizod nizam-intizamla bağlı deyildi. Bir çox oyunda azlıqda qalmışıq. Bu, məni üzür. Bu gün ofsayddan sonra hakimin VAR-a nə üçün çağırıldığını bilmədim. Əgər epizod sarı vərəqlikdirsə, buna görə hakim VAR-a çağırılmır. VAR-da gündə bir qərar çıxır. Bəlkə də belə qərar var, biz bilmirik? Bilmirəm. VAR-la bağlı çox suallar, qaydalar var".
Baş məşqçi cari mövsümdək hədəflərindən də söz açıb: "Bu gün hər komandanın müəyyən potensialı var idi. Bizim hədəfimiz Konfrans Liqasına qatılmaqdır. "Qarabağ", "Neftçi" böyük komandalardır. Əsas məqsəd dördlüyə qatılmaqdır. Biz risk etməyə məcburuq. Oyundan qabaq qələbəyə köklənmişdik. Amma olmadı. Dördüncü yeri qoruyub saxlamalıyıq. "Sumqayıt"la oyunda da, bu matçda da komandamdan razı qaldım. Balanslaşdırılmış oyun gedirdi. Yolumuza davam edirik. Gələn il komandamız rəqabətə daha da hazırlıqlı olacaq. üçlüyə düşmək asan deyil".