10 Mart 2023, 17:37
MPL
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 26-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonta baş tutan mətbuat konfransında bunları söyləyib:
"çox gərgin oyun oldu. Gəncədə "Kəpəz"ə qarşı oyunlar həmişə belədir. Xüsusi maneələrdən biri də meydançanın durumu idi. çox baxımlı futbolun şahidi ola bilmədik. Birinci hissədə hər iki komandanın hücumları oldu. Kobud səhvdən qapımızda qol gördük. Dəyişikliklərdən sonra uğuru rəqib qapısında axtarmağa çalışdıq. Sonda yaxşı kombinasiyalı hücumdan sonra penalti qazandıq. Qələbə də qazana bilərdik. Ancaq matçın ədalətli nəticəsi bərabərlik idi.
Meydançanın durumuna görə bilirdik ki, bu gün uzun ötürmələrdən istifadə edəcəyik. Fasilədəki dəyişikliklərdən sonra oyuna canlanma gəldi. Hesab edirəm ki, bu gün bir xal qazandıq. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Azərbaycanda hamı nəticəyə görə qiymət verir. Təbii ki, nəticə önəmlidir. Amma yalnız bunu düşünmürəm. Son 8 matçın 2-3-nü çox yaxşı oynamışıq. Daha çox xal yığa bilərdik.
Gəncə və Tovuz çətin səfər oyunlarıdır. Gəncəyə futbolun qayıtması sevindiricidir. Legionerlərə də bildirmişdim ki, bura futbol şəhəridir, burada hamı futboldan anlayır. "Kəpəz" çox gözəl futbol oynayır. Etdiklərinə heyran qaldım.
ötən ilkindən daha yaxşı oynadığımızı düşünürəm. Yaxın günlərdə nəticələri görəcəyik. Elə şeylər var ki, onları etmək vaxt tələb edir. Mənim üçün yerli, legioner fərqi yoxdur. Sağlam rəqabət gedir. Kim daha layiqli olacaqsa, o da oynayacaq. Təbii ki, nə qədər yerli futbolçu oynasa, məşqçilər üçün o qədər yaxşı olar. Dəfələrlə olub ki, "Zirə"dən milliyə futbolçu çağırılmayıb. Mən millinin heç bir futbolçusunu saxlamıram. çalışıram ki, Azərbaycan futboluna yeni oyunçular qazandırım".