"Oyun çətin keçdi. Belə olacağını da bilirdik". Matc.az saytı xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.
Topaz Premyer Liqasının XXII turunda "Keşlə" ilə səfər qarşılaşmasından (1:0) sonra jurnalistlərin suallarını cavablandıran yarımmüdafiəçi öncə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Keşlə" ilə kim burda oynayırsa, əziyyət çəkir. "Qarabağ" da bu stadionda çətin qələbə qazanıb. öz futbolumuzu göstərməyə çalışırdıq. Bəzi anlarda bu, alınmırdı. Hərdən uzun ötürmələrə üstünlük verirdik. Halbuki oyun üslubumuz bu deyil. Ancaq əsas nəticə idi. Şükür Allaha, bunu da qazandıq".
- "Keşlə"nin çətin rəqib olduğunu dediniz. Ancaq bu mövsüm 4-cü oyundu ki, sizə heç qol da vura bilmirlər...
- Azərbaycan çempionatında asan oyun yoxdu. Elə bir komanda yoxdu ki, asanlıqla 3 qolu vurub, evə rahat gedəsən. Yalnız bir qol vurduqdan sonra qələbə qazanmaq şansın artır.
- Son günlər milli ətrafında mükafatla bağlı çox söz-söhbətlər dolaşır. Buna münasibətiniz necədi?
- Bunu AFFA-dan soruşmaq lazımdı. Bu barədə heç nə deyə bilmərəm.
- ümumiyyətlə, yığma barədə nə deyə bilərsiniz? Yeni baş məşqçinin rəhbərliyi altında ilk oyunlarınızı keçirdiniz. Gözləntiləriniz nədi?
- Yaxşı nəticə əldə etməyə çalışacağıq.
- Qurban Qurbanovla Nikola Yurçeviç arasında fərq varmı?
- Hər baş məşqçinin öz tələbləri, futbol fəlsəfəsi var. İstənilən çalışdırıcı komandasının onun istədiyi formada futbol oynamasını istəyir. Düzdü, bir az fərq var, amma bu, elə də çox deyil.
- Formanızın üzərində soyadınız düzgün yazılmamışdı. Buna görə irad bildirmişdiniz?
- Xeyr. Elə bir futbolçu yoxdu ki, adının düz yazılıb-yazılmadığını görmək üçün paltardəyişmə otağında formanın arxasına baxsın. Əsasən nömrənə baxırsan və formanı götürüb geyinirsən. Təsəvvür edin, Kriştianu Ronaldo formanı götürüb yoxlayır ki, görüm adım düz yazılıb, yoxsa səhv. Mən də fikir vermədim. Sonradan dedilər ki, soyadım düzgün yazılmayıb. Bu, elə də ciddi problem deyil.