"Oyunumu yaxşılaşdırmalıyam. Bunu edəcəyimə də əminəm". Matc.az xəbər verir ki, bunu "Yurqorden" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç mətbuatına müsahibəsində deyib.
Yayda "Qarabağ"dan keçdiyi yeni komandasında cəmi 2 qol vuran gənc forvard bu sayı artırmağın vacib olduğunu söyləyib: "Bir hücumçu kimi qol vurmalı, assist etməliyəm. Oyunlara maksimum gücümlə hazırlaşıram. çox oynadıqca daha yaxşı forma yığacağam. İsveç futboluna daha çox öyrəşirəm. Söhbət təkcə meydandakı 90 dəqiqədən getmir. Ən yaxşı səviyyəmə çatmağa çalışıram. Doğru yolda davam etsəm, bunu reallaşdıracağam".
21 yaşlı hücumçu qol vurmadıqca özünəinamı itirdiyini etiraf edib: "Bütün hücumçularda vəziyyət belədi. Qol vurduqca özünəinam artır, vurmayanda azalır. İki həftə əvvəl 2 qol vuranda özünəinamım yüksək idi. Son matçlarda qol vura bilmədiyim üçün özünəinam bir qədər aşağı düşüb".
Qurbanlı qol vurmamasına baxmayaraq, üzərində təzyiq hiss etmədiyini vurğulayıb: "Bəzi insanlar özlərinə təzyiq göstərməyə çalışırlar. Mən isə yalnız öz işimə köklənmişəm. Əsas odu ki, əlimdən gələni edirəm. Bu üzdən heç bir təzyiq hiss etmirəm".