"Roma"nın yarımmüdafiəçisi Nikola Zalevski İtaliya futbolunda qanunsuz mərc oyunları ilə bağlı araşdırmada iştirak edən dördüncü şəxsdir.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bundan əvvəl Corona futbol matçlarına mərc oynadıqları üçün istintaq altında olan üç oyunçunun adını çəkmişdi: Nikolo Fagioli (Yuventus), Sandro Tonali (Nyukasl) və Nikolo Zaniolo (Aston Villa). Tonali və Zaniolo artıq İtaliya millisini tərk ediblər.
İtaliya mətbuatında Zalevskinin ötən mövsüm "Salernitana" ilə qarşılaşmada sarı vərəqə almağa mərc etdiyinə dair xəbərlər də yayılmışdı. Həmin oyunda 21 yaşlı yarımmüdafiəçi 94-cü dəqiqədə rəqibin əks-hücumunu pozaraq xəbərdarlıq alıb. Futbolçu hazırda Polşanın gənclər yığmasındadır. Zalevski "Roma"nın yetirməsidir, bu mövsüm Roma komandasında 6 oyun keçirib.
Qeyd edək ki, İtaliyada idmançılara öz idman növünə mərc etmək qadağandır.