Beynəlxalq Futbol Federasiyasının ( FIFA ) prezidenti Canni İnfantino İsrail Futbol Federasiyasının rəhbəri Şino Zuaretsə məktub göndərərək, Fələstin-İsrail münaqişəsinin tərəflərini hərbi əməliyyatları dayandırmağa çağırıb.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Məktubda yazılıb: "FİFA və bütün beynəlxalq futbol ictimaiyyəti adından son günlərdə baş vermiş dəhşətli zorakılıqlarla bağlı İsrail Futbol Federasiyasına və Fələstin Futbol Assosiasiyasına dərin hüznlə başsağlığı vermək istərdim. İnsanlarının çox uzun müddət bu qədər dərin iztirablara tab gətirdiyi bir bölgəni daha çox əzab-əziyyətə düçar etmək ürək ağrıdıcı olduğu qədər də sarsıdıcıdır. Futbol dünyası İsrail və Fələstin xalqları ilə və misilsiz bədəl ödəmiş bütün günahsız qurbanlarla möhkəm həmrəydir. FİFA hərbi əməliyyatların dərhal dayandırılması və İsrail və Fələstin xalqlarının əzablarının yüngülləşdirilməsi çağırışına qoşulur. Təbii ki, biz bilirik ki, futbol dünya problemlərini həll edə bilməz, ancaq qarşıda yalnız qaranlıq görünən bir ümid şüasının işıqlandırılmasında kiçik də olsa rol oynaya bilər. Futbol göstərir ki, bu, demək olar ki, hamıya qeyri-mümkün görünəndə belə, sülhə və son nəticədə barışığa nail olmaq vasitəsi kimi çıxış edərək, qarşılıqlı hörmət mühitində insanları bir araya gətirmək mümkündür".
Bundan əvvəl Avropa Futbol Assosiasiyaları İttifaqının ( UEFA ) prezidenti Aleksander çeferin HƏMAS-ın İsrailə hücumunu mənasız zorakılıq adlandırmışdı.