“Günah özümüzdədir. Birinci hissədə məsələni həll etməli idik”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Səbail”ə 2:1 hesabı ilə uduzan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: "Maraqlı və gərgin oyun oldu. Ağabalayev görə çox üzgünük. Görüşün taleyi birinci hissədə həll ola bilərdi. Qol imkanlarından istifadə edə bilmədik. İkinci hissədə futbolçulara ilk beş dəqiqədə diqqətli olmağı tapşırmışdım. "Səbail"in irəli atılacağını düşünürdüm. Onlar standart vəziyyətlərdə yaxşıdırlar. Gözlədiyimiz kimi oldu. Penalti qərarı isə maraqlı epizoddur. Hakimlik bərbad idi. Azərbaycanda yeni qaydalar çıxır. 17 qayda varsa, bizdə 18-ci qayda da var. Qapıçı ilə təkbətək çıxandan sonra axırıncı qayda pozuntusuna sarı vərəqə vermək olardı. Danışmaq istəmirəm bu barədə. Günü-gündən daha da pisləşir. Qol vurandan sonra rəqib müdafiəyə oturdu. Günah özümüzdədir. Birinci hissə həll etməli idik. Bu da bizə baha başa gəldi. Futbolçuları oyun baxımından təbrik edirəm. Çox yaxşı oynadılar".
- Hakimin qərarı həqiqətən müəmmalı idi...
- Hakimlər özləri qaydaları bilmir. Onların çıxardığı qaydaları bilmək üçün hakimliyi oxumaq lazımdır. Sadəcə, biabırçılıq idi.
- Rəqibdən üstün oynadınız. Nə çatmadı hesabı bərabərləşdirmək üçün?
- "Səbail" yaxşı müdafiə olunur. Bizdə uzun toplarla, kənardan asmalarına çalışdıq nəsə edək. Rəqib yaxşı müdafiə olundu. Başqa səbəb yoxdur.
- Buraxdığınız qol səhv etdiyiniz üçün oldu, ya rəqib layiq idi qol vurmağa?
-Rəqib qol vurubsa, demək layiq idi. Səhvimiz olmasa qol buraxmarıq. Taktiki səhv idi.
- Penalti epizodunu incələsəz, siz nə düşünürsünüz?
- Səlahətin epizodunda 10-12 dəqiqə oyun dayandı. Dialoq getdi. Penalti epizoduna isə tez qərar verdi. Belə epizodlarda çox penalti vermirdilər. Eyni epizodu biz yaşamışdıq, amma penalti verməmişdilər. Bu il hakimlər bizə qarşı qərəzlidir.
- Hakimlik barədə şikayət edəcəksinizmi?
- Kimə şikayət edim? Kimlərsə şikayət edib, nəticə görübmü? Hakim həmişə haqlıdır. Təəssüf..