Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”in qonağı olan “Turan Tovuz” 1:2 hesabı ilə məğlub olub. Matc.az saytı xəbər verir ki, Tovuz təmsilçisinin qapıçısı Aydın Bayramov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Hesabda önə keçsəniz də, sonda məğlub oldunuz. Matçın bu axarda cərəyan etməsini necə qarşılayırsınız?
- Futbolda belə hallar olur. Çətin oyun olacağını bilirdik. Bütün həftəni bu görüşə hazırlaşmışdıq. Sadəcə, birinci hissədə qol epizodlarından istifadə edə bilmədik. Yararlana bilsəydik, hesab belə olmazdı.
- Öndə olduğunuz zaman qaçırdığınız qol imkanlarının qarşılaşmanın taleyini həll etdiyini düşünmək olar?
- Məncə, həmin epizodlar həlledici rol oynadı.
- Birinci hissədə rəqib komandadakı həmkarınız Səlahət Ağayev topa cərimə meydanı kənarından əllə müdaxilə etdiyi üçün sarı vərəqə aldı. Bir qapıçı olaraq, hakimin qərarını düzgün hesab edirsiniz?
- Açığı, epizodu qapıdan gördüm, təkrarına da baxmamışam. Buna hakimlər qərar verir. Ancaq bildiyim qədərilə cərimə meydanından kənarda top qapıçının əlinə dəyibsə, qırmızı vərəqədi. Bu, sonuncu ümid foulu sayılır. Yenə də epizoda baxdıqdan sonra nəsə demək olar.
- Fasilədən sonra matçın axarı da dəyişdi. Bunu nə ilə əlaqələndirərdiniz?
- Rəqib əlinə düşən şanslardan yararlandı. İki qol vəziyyəti yaratdılar, hər ikisində qol vurdular.
- Buraxdığınız qolları necə şərh edə bilərsiniz?
- İkinci qolu penaltidən buraxdım, buna deyiləsi bir söz yoxdu. Birinci qolda top ikimizin arasında qaldı. Ayağımın yanından keçib qapıya daxil oldu. Rəqibin bəxti gətirdi, mənim isə yox.
- Bu mövsüm qeyri-stabil oyun sərgiləyirsiniz. Bunun səbəbini nədə görürsünüz?
- Bununla razı deyiləm. Deməzdim ki, qeyri-stabil oyun göstəririk. Qələbələrimiz də var. Əvvəldən deyilib ki, avrokuboklar uğrunda oynayan komanda deyilik. Bacardığımız qədər turnir cədvəlinin yuxarı pillələrində qalmağa çalışacağıq.
- Əsasən səfər komandası sayılırsınız. Bu fikrə də qatılmırsınız?
- Sırf səfər komandası olduğumuzu düşünmürəm. Son iki oyunumuza baxsanız, görərsiniz. Sadəcə, projektorlar quraşdırıldıqdan sonra öz meydanımızda çıxış etmək daha asan oldu. Əvvəllər hava şəraiti bizi sıxırdı, günorta orada oynamaq çətin idi.
- İlk dövrədə səfərdə məğlub etdiyiniz “Sabah”ı növbəti turda Tovuzda qəbul edəcəksiniz. Eyni uğuru bu dəfə gözləmək olar?
- Qarşıda hələ 7-8 gün vaxtımız var. Matça ciddi hazırlaşacağıq. Doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Bilirik ki, ilk dövrədə məğlub olduqları üçün bu dəfə bizə qarşı aqressiv hazırlaşacaqlar. Biz də azarkeşlərimizi sevindirməyə çalışacağıq.
- Tovuz şəhər stadionunda projektorlar quraşdırılıb. Ancaq qazon probleminiz hələ həllini tapmayıb. Süni örtükdə oynamaq çətinlik yaratmır?
- Əslində, bunu bəhanə etmək istəməzdim. Düzdü, çətindi. Xüsusən də, gündüz saatlarında oynadığımız zaman daha çətin olurdu. Amma ümumi götürdükdə meydana çıxan hər iki komanda eyni şəraitdə çıxış edir. Razıyam ki, istər-istəməz bu amil zədələrə yol açır. Ancaq yenə də bunu bəhanə kimi gətirmək fikrində deyiləm.