“Hər şeyə rəğmən çalışmışam ki, ehtiyat skamyada dik dayanım”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Qarabağ”a 7:1 hesabı ilə məğlub olan “Kəpəz”in baş məşqçisi Azər Məmmədov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Üzücü məğlubiyyətdir. “Qarabağ” bizdən qat-qat üstündür. Onların əsas heyətinə qarşı oynamaq hər komanda üçün çətindir. Əsasən də bizim üçün. Uşaqlar nəsə etməyə çalışdı. Amma komandada əzmkarlıq çatışmırdı. “Qarabağ”a qarşı ancaq əzmkar olsan, nəticə qazana bilərsən. Onlarla 1:1 oynayanda, əzmkarlıq göstərmişdik. Bu gün əzmkarlıq, mübarizlik çatışmadı. Komanda sonuncu pillədədir. Bu yerdə olan komandanın nəticələri ürəkaçan olmur. Hər şeyə rəğmən çalışmışam ki, ehtiyat skamyada dik dayanım. Heç kim görməsin ki, məğlubiyyətə görə əyilirəm. Sadəcə bu gün özümü narahat hiss etdim. Uşaqlara səs tonu lazım idi. Mən bacarmadım, Etibar müəllimə həvalə etdim.
- Bu məğlubiyəytdən sonra öz taleyinizlə bağlı nə düşünürsüz?
- Acınacaqlı məğlubiyyətdir. “Qarabağ” hər il başqa komandalarla matçda da böyük hesablı qələbələr qazanıb. Bu gün bizi məğlub etdilər. Bu, mənə bərk toxunur. Bu gün rəhbərliklə görüşəcəm. Söhbətimiz olacaq. Qərar nə olacaqsa, yaxın günlərdə açıqlanacaq.
- Getmək haqda düşünürsüz?
- Getmək haqda düşünmürəm desəm, yalan olar. Bəli, istefa vermək haqda düşünürəm.
- Bir müddət əvvəl xəbər çıxmışdı ki, bazada nəsə oğurlanıb, söz-söhbətlər çox olur. Gəncə futbolunun durumu niyə bu gündədir?
- Bakı klublarında təcrübəm olub. “Kəpəz”ə gedəndə çalışmışam ki, hər kəs öz işi ilə məşğul olsun. Mən məşqçiyəm və işimlə məşğul idim. Digər sahələrin mənə aidiyyatı yoxdu, amma dediklərinizi oxumuşam. Gəncədə bu qədər söz-söhbətin olması, ən birinci “Kəpəz”in inkişafına maneədir. Söz-söhbətlər yığışdırılmalıdır. Hamı bir yumruq olaraq, “Kəpəz”in uğuru üçün döyüşməsə, bu, komandanın ziyanına işləyəcək.