Baş məşqçi axtarışında olan “Kəpəz” rəhbərliyi tezliklə yeni çalışdırıcısını təqdim etməyi planlaşdırır. Matc.az saytının əldə etdiyi məlumata görə, Gəncə klubu bu dəfə əcnəbi mütəxəssis gətirmək niyyətindədir.
 
Bölgə təmsilçisi bu posta əsas namizədini də artıq müəyyənləşdirib. Gəncəlilər Azərbaycan futboluna yaxından tanış olan Kaxaber Sxadadzenin təyinatında maraqlıdı. Tərəflər arasında hətta ilkin danışıq da olub. Lakin gürcüstanlı mütəxəssis bu keçid üçün yüksək məbləğdə məvacib tələb edib. “Kəpəz” maliyyə məsələsində 55 yaşlı çalışdırıcı ilə ortaq məxrəcə gələ bilsə, tezliklə onun təqdimatı olacaq.
 
Sxadadze ölkəmizdə 2 klub çalışdırıb. O, 2008-ci ildə “Standard”a, 2009-2015-ci illərdə isə “İnter”ə (hazırkı “Şamaxı”) rəhbərlik edib. Onun rəhbərliyi altında “İnter” 2009-10 mövsümündə Azərbaycan çempionu olub.
 
Qeyd edək ki, Premyer Liqanın XII turunda “Qarabağ”la keçirilən oyundan sonra “Kəpəz”də baş məşqçi Azər Məmmədov istefa verib. Gəncə təmsilçisi hazırda 6 xalla sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest