08 Noyabr 2023, 12:56
FUTBOL
“Bakıda bizi çox çətin oyun gözləyir”. Matc.az xəbər verir ki, bunu “Bayer”in baş məşqçisi Xabi Alonso deyib.
İspaniyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb. 41 yaşlı çalışdırıcı səfər görüşündə qələbəyə ümid edir: “Evə uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik”.
O, sabahkı matçda çexiyalı Matey Kovarjın qapıda dayanacağını bildirib. Baş məşqçi müdafiəçi Edmond Tapsobanın qarşıdakı görüşü buraxacağını da deyib.
Alonso heyətdə dəyişikliklər ediləcəyini də söyləyib: “Tapsoba əməliyyat olunduğu üçün qarşıdakı görüşlərdə bizə kömək edə bilməyəcək. Demək olar ki, hər oyunda dəyişikliklər edirik. Eyni zamanda, fərqli sistemlərdə çıxış etməyi bacarırıq”.
Çalışdırıcı “Qarabağ”ın Premyer Liqanın XII turunda “Kəpəz”i 7:1 hesabı ilə məğlub etdiyi görüşü izlədiyini sözlərinə əlavə edib: “Qarabağ”ın ölkə çempionatında son oyununa baxmışam. Onların çox yaxşı komanda olduğunu bilirəm. Ancaq bu, Azərbaycan çempionatının matçı idi. Avropa Liqasında fərqli olur. Əminəm ki, “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq”.
O,Bakıya uzun səfərin komandasına təsir etməyəcəyini düşünür: “Bu, bizim üçün yeni hal deyil. Daha uzun yol qət etdiyimiz anlar olub. “Qarabağ” da bura gələndə uzun yol qət etmişdi. Məqsədimiz 3 xal qazanmaqdır. Buna görə də, yol amilinin çətinlik törətməyəcəyini hesab edirəm”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.