"Bizim üçün həddindən artıq çətin oyun oldu. Rəqib yenə yaxşı çıxış etdi və məğlubiyyətə layiq deyildi. Qalib gəlməsəydik də, razı qalacaqdım. çünki çox ağır oyun keçirdik. Bundan sonrakı matçlarımız daha ağır olacaq".
Matc.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XXIII turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis futbolçusu Riçard Almeydanın çıxışı barədə də danışıb. O, bildirib ki, bəlkə də, bu gün rəqib Almeydaya qarşı daha diqqətli oynayırdı və nəticədə o, səhvlərə yol verirdi: "Araz Abdullayev təcrübə və sürətindən düzgün yararlandı. Onun irəliyə açılması lazım idi və şansından yararlana bildi. 6:0 hesablı qələbədən sonra komandanın kökləməkdə çətinlikləri ola bilər. Amma biz hər gün bunu futbolçuların nəzərinə çatdırırdıq ki, diqqətli olsunlar".
Qurbanov hücumçu Mahir Mədətov barədə yazılara reaksiya vermədiyini vurğulayıb: "çünki mən futbolçunu kökləməliyəm. İstəməzdim ki, belə bir yazı olsun. Amma hər yerdə belə yazılar olur. İstərdim ki, Mahir öz oyunu ilə azarkeşlərin rəğbətini qazansın".