“Xankəndi stadionunda olduğumuz üçün çox sevincliyəm. Neçə il idi bunu həsrətlə gözləyirdik”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə MOİK-lə qarşılaşan Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanaraq, 1/4 finala adlayıb.
Qurbanov görüşün ardından təşkil edilən mətbuat konfransında Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürünü bildirib: “Şəhidlərimizin qəhrəmanlığı sayəsində buradayıq. MOİK-lə görüşdə həyəcan var idi. Son saniyələrdə qolun vurulması maraqlı alındı. Rəqib komanda sona qədər mübarizə apardı. MOİK qapımız qarşısında bir neçə qol epizodları yaratdı. Futbolçularımız həyəcanlı olduğu üçün özlərini tam göstərə bilmədilər. MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da bu gün tarixə düşdülər”.
O, kubok oyunlarını Xankəndidə keçirmək istədiklərini vurğulayıb: “Kubok matçlarını burada keçirmək istəyirik. Finala kimi getsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu yöndə addımlar atılacaq. Cənab Prezident “İmarət” stadionunu Ağdama qaytarmaq istəyir. Böyük məmnuniyyətlə orada oynayarıq”.