İspaniya millisinin futbolçuları Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında qazandıqları çempionluğu ömürləri boyu xatırlayacaqlar. Matc.az xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi David Qordo FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis turnirin gənc futbolçular üçün əvəzsiz təcrübə olduğunu bildirib. O, idmançıların gələcəkdə dünya və ya olimpiya çempionu olsalar belə, Bakıda yaşadıqları bu uğuru xatırlayacaqlarını vurğulayıb.
Qordo komandasının uğurunu futbolçuların peşəkar olmaq arzusu və İspaniyada uşaq futbolunun yüksək səviyyədə inkişafı ilə əlaqələndirib.
Qeyd edək ki, İspaniya millisi finalda Çexiyanı 3:0 hesabı ilə məğlub edərək Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalının qalibi olub.













