“Komanda uzun fasilədən sonra ötən il yüksək liqada çıxış etməyə başladı. İkinci ildə avrokuboklara vəsiqə tələb etmək doğru olmaz”. Bunu matc.az saytına açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev deyib.
Cəmi iki ildi Premyer Liqada çıxış etdiklərini bildirən 31 yaşlı müdafiəçi birdən-birə böyük tələbləri qarşılamağa hazır olmadıqlarını bildirib: “Reallıqla barışmaq lazımdı. Hər bir futbolçu kimi, mən də avrokuboklarda oynamaq istərdim. Amma buna vaxt lazımdı. Bölgə klublarına legioner futbolçu gətirmək çox çətindi. Struktur birdən-birə qurulmur. Buna illər lazımdı. Rəhbərlik də böyük işlər görür, futbolçulara dəstək verir. Bazanın tikilməsi, yeni stadionlar buna sübutdu. Futbolun inkişafı üçün əllərindən gələni edirlər”.
Əliyev Tovuzda yaradılan futbol akademiyasının gələcəkdə böyük xeyir verəcəyini düşünür: “Vaxtilə “Qəbələ” və “Bakı” akademiyasından çox sayda futbolçu yetişib üzə çıxdı. Tovuz və Gəncə şəhərləri də həmişə Azərbaycana futbolçu qazandırıb. Akademiyamızın fəaliyyət göstərməsi gələcəkdə fayda verəcək”.
Qeyd edək ki, “Turan Tovuz” 17 turdan sonra Premyer Liqada 19 xalla 8-ci pillədə qərarlaşır.