2024/2025 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib. Matc.az xəbər verir ki, PFL və klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe”dən yararlanacaqlar.
Alman dilindən tərcümədə “futbol sevgisi” mənasını verən “Fussballiebe”-nin üzərində - turnirin loqotipinin ətrafında iştirakçı ölkələrə işarə edən qırmızı, göy, yaşı və narıncı rənglər təsvir edilib. Həmçinin Almaniyada baş tutacaq yarışda matçların keçiriləcəyi 10 şəhərin adı və stadionların illüstrasiyası əks olunub.
Bu top bioloji əsaslı materiallardan hazırlanıb. Sürətli və dəqiq oyuna imkan yaradan yüksək aerodinamikaya malikdir.
Üst təbəqə sabit və iki qatlı xarici qabığı ilə ekoloji cəhətdən təmiz və təbii rezindən ibarət mərkəzi hava kamerası, müasir CTR-CORE ilə dəstəklənir. Top həm meydanda, həm də meydandan kənarda geniş şəkildə tədqiq edilmiş və sınaqdan keçirilmişdir.
Azərbaycan I Liqasında mübarizə aparan klublar “Adidas” şirkətinin təsis etdiyi “Al Rihla” toplarından istifadə edəcəklər. Bu top Dünya Çempionatları tarixində ekoloji cəhətdən təmiz – su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.
II Liqada çıxış edən klubların istifadəsinə “Adidas” şirkətinin təsis etdiyi digər top olan “Adidas Tiro Pro” veriləcək. Adidas Tiro Pro futbol topu ən yüksək FIFA reytinqli ənənəvi 32 lövhəli dizayna malikdir. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.