Sabah Topaz Premyer Liqasında XXVI tura start veriləcək. Matc.az saytının məlumatına görə, ilk görüş Zirə İdman Kompleksində baş tutacaq.
"Zirə" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Ağdam klubu səfərdə oynamasına baxmayaraq, şübhəsiz ki, qarşılaşmanın aşkar favoritidi. Mövsümün sonuna yaxın liderliyi ələ keçirən Qurban Qurbanovun yetirmələri bu üstünlüyü əldən vermək istəmir. Rəqibin isə çempionatda heç bir iddiası yoxdu.
Düzdü, Samir Abasovun kollektivi qış fasiləsindən sonra həm "Qarabağ", həm "Neftçi", həm də "Qəbələ"ni büdrətməyi bacarıb. Lakin bu dəfə vəziyyət tam fərqlidi. Premyer Liqadakı yerini böyük ölçüdə təmin edən qəsəbə təmsilçisi çempionat oyunlarına artıq barmaqarası yanaşır. "Qəbələ" ilə ötən tur matçına çıxan heyət belə düşünməyə əsas verir. Samir Abasov da bunu təsdiqləyərək, bütün fikirlərini ölkə kubokuna yönəltdiklərini söyləyib. Nəzərə alaq ki, "Qarabağ"la görüşdən 3 gün sonra komanda kubokda yarımfinal mərhələsinin cavab oyununa çıxacaq. Bu üzdən Abasovun bir neçə əsas heyət üzvünə istirahət verməsini gözləmək olar.
Ev sahiblərində cəzalı qapıçı Orxan Sadıqlı yenə çərçivədəki yerini ala bilməyəcək. Qonaqlarda isə heyətlə bağlı heç bir problem yoxdu. Hətta ötən turda cəzasını çəkən müdafiəçi Vild-Donald Gerye və yarımmüdafiəçi Filipp Ozobiç də artıq məşqçilər korpusunun ixtiyarındadı.
"Zirə" son oyunda rəqibini büdrətməsinə baxmayaraq, Premyer Liqada hələ də "Qarabağ"a qalib gələ bilməyib. İndiyə qədər çempionat çərçivəsində baş tutan 15 qarşılaşmanın yalnız 4-də zirəlilər 1 xala sevinə biliblər. üstəlik, "Qarabağ" son 3 səfər oyununda rəqibinə qalib gəlməyi bacarıb.
Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçının start fiti 16:30-da səslənəcək.