Sabah Topaz Premyer Liqasında XXVI turun oyunları keçiriləcək. Matc.az saytının məlumatına görə, "Neftçi" azarkeşləri önündə "Sumqayıt"ı sınağa çəkəcək.

Hər iki komanda meydana fərqli hədəf üçün çıxacaq. Bir tərəfdə çempionluq yarışını davam etdirən "Neftçi", digər tərəfdə isə hər an sonuncu pilləyə yuvarlanmaq təhlükəsi olan "Sumqayıt".

İki tur əvvəl liderliyi əldən verən "ağ-qaralar" nəyin bahasına olursa-olsun, mütləq qələbə qazanmalıdı. Roberto Bordinin yetirmələrinin artıq xal itirmək haqqı qalmayıb. Əks təqdirdə, komanda çempionluqdan əlini üzə bilər. Ancaq sonuncu pillədəki "Keşlə"dən cəmi 1 xal öndə olan "Sumqayıt" da "zirzəmi"yə yuvarlanmamaq üçün "döyüşəcək".

"Sumqayıt"ı "Neftçi" üçün prinsipial rəqib də saymaq olar. çünki "flaqman"ı Azərbaycan kubokundan məhz "kimyaçılar" uzaqlaşdırıb. Eyni zamanda çempionatın II dövrəsində "gənclik şəhəri" təmsilçisi rəqibi büdrətməyi bacarmışdı - 0:0. üstəlik, ölkə kuboku da daxil olmaqla, "Sumqayıt" son 3 səfər matçında "Neftçi"yə uduzmayıb. Ayxan Abbasovun yetirmələri sabahkı görüşdən 3 gün sonra kubokda yarımfinalın cavab oyununa çıxacaq. Bununla belə, onların çempionata qeyri-ciddi yanaşmaq kimi limiti yoxdu.

Hər iki komandanın heyətində itki var. "Neftçi" mərkəz müdafiəçisi Mamadu Mbodjsuz mübarizə aparmalı olacaq. Qonaqlarda isə yarımmüdafiəçi Xəyal Nəcəfov məşqçilər korpusunun ixtiyarında olmayacaq. Hər iki oyunçu sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest