Peşəkar Futbol Liqası və “Misli”nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib. Matc.az xəbər verir ki, 70-dən çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb.
Oyunun əvvəlində xanım iştirakçılara Peşəkar Futbol Liqasının xüsusi hədiyyələri təqdim edilib. Yarışda komandalara müxtəlif dövrlərdə heyətində azərbaycanlı futbolçuların oynadığı əcnəbi klubların adları verilib. Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib. Belə ki, çempion son turda müəyyənləşib. Yekunda “Volın” komandası qalib, “Fakel” ikinci, “Nürnberq” üçüncü olub.
Sonda “Volın” komandasına kubok, medallar və pul mükafatı təqdim edilib. İkinci və üçüncü yerin sahibləri isə pul mükafatı qazanıb.