FIFA-nın ilk U-15 Dünya Çempionatı və Festivalı başa çatıb. Matc.az xəbər verir ki, oktyabrın 30-da Bakı Kristal Zalında keçirilən final oyunları ilə yekunlaşan turnir bir sıra rekord göstəricilərlə yadda qalıb.
Yarışda 189 ölkənin komandası iştirak edib. Altı fərqli səviyyə üzrə təşkil olunan turnirdə ümumilikdə 932 oyun keçirilib və 4505 qol vurulub. Qarşılaşmalarda orta hesabla hər oyuna 4,83 qol düşüb.
Turnirin ən diqqətçəkən məqamlarından biri formatı olub. Komandalar qrup mərhələsindən sonra nəticələrinə uyğun olaraq müxtəlif səviyyələrə bölünüb və heç bir kollektiv mübarizəni vaxtından əvvəl dayandırmayıb. Nəticədə 189 komandadan 187-si ən azı bir qələbə qazanıb.
A səviyyəsinin finalında Çexiyanı 3:0 hesabı ilə məğlub edən İspaniya ilk FIFA U-15 dünya çempionu olub. Digər səviyyələrdə isə Zambiya, Belarus, Tacikistan, Mərkəzi Afrika Respublikası və Yeni Zelandiya qalib gəlib.
FIFA-nın açıqladığı statistikaya əsasən, turnirdə 3 minə yaxın futbolçu iştirak edib. Yarışın təşkili üçün 397 könüllü çalışıb, komandaların və nümayəndə heyətlərinin yerləşdirilməsi üçün 445 mənzildən istifadə olunub.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk buraxılışı oktyabrın 22-də Bakıda start götürüb.













